REGİONLAR
Masallıda 23 metr hündürlükdə yerləşən çayxana ekstrim həvəskarlarının sevimli məkanıdır
Masallı, 10 avqust, AZƏRTAC
Masallının Xanalion kəndində yaşayan Maqsud Şirəliyev evinin arxasındakı çay yatağında əsrarəngiz seyrəngah yaradıb. Burada qeyri-adi çayxana da fəaliyyət göstərir. Belə ki, çayxananın sahibi M.Şirəliyev qonaqlar üçün göyüş ağacında, 23 metr hündürlükdə köşk düzəldib. Ağacın özünün hündürlüyü isə 35 metrdir.
AZƏRTAC xəbər verir ki, üzərində çay dəstgahı olan sini 50 metrlik trosun köməyi ilə yuxarı qaldırılır. Çay içmək üçün belə hündürlüyə qalxmağa hər adam cəsarət etmir. Ona görə də bəzi qonaqlar bağçadakı köşklərdə dincəlməyə üstünlük verirlər. Lakin ekstrim həvəskarları, xüsusən də gənclər ağac başında çay içməyə həvəs göstərirlər. Ağaca çıxmaq üçün mismarlardan pilləkən də düzəldilib. Hətta burada kabab çəkmək üçün manqal da qoyulub. Qeyri-adi çayxana yerli turistlərlə yanaşı, xarici turistlərin də marağına səbəb olur.
Ecazkar təbiət mənzərəsi, suların həzin şırıltısı, yaşıl ağacların yarpaqlarının pıçıltısı, meşə quşlarının şirin nəğmələri bura gələnlərin könlünü oxşayır. Çəmənliyə düzülmüş qədim məişət əşyaları - milli mədəniyyət nümunələrimiz turistlərin istirahətini daha da mənalı edir. Qeyri-adi çay evindən, 23 metr hündürlükdən açılan mənzərə isə göz oxşayır.