REGİONLAR
Masallıda “Tərəqqi” medallı fermer təsərrüfatını genişləndirir
Masallı, 7 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunda çiyələk yığımı kampaniyası davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fermerlər məhsul yığımını xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq növbəlilik əsasında aparırlar.
Ötən illə müqayisədə çiyələk sahələrində məhsulun daha çox olduğunu söyləyən məhsul istehsalçıları, bunun səbəbini havaların isti keçməsi ilə əlaqələndirirlər. Onlar yığılan məhsulun satış qiymətindən də razıdırlar. Belə ki, sahələrdən yığılan çiyələyin bir kiloqramı 2 manat 50 qəpiyə çatılır. Çiyələk məhsulu yerli bazarlarla yanaşı, xarici ölkələrə də ixrac edilir.
Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə, bu il rayonda çiyələk sahələri 68,6 hektar genişləndirilərək 251,3 hektara çatdırılıb. Sentyabrın 1-dək sahələrdən 1416 ton çiyələk yığılıb.
Rayonun Şərəfə kəndində fermer fəaliyyəti ilə məşğul olan “Tərəqqi” medallı Rafət Abbasovun sahəsində də bol çiyələk var. O, təsərrüfatında təkcə çiyələk əkmir, icarəyə götürdüyü 23 hektar torpağın 12 hektarında buğda, 3 hektarında arpa, 4 hektarında kartof və 1 hektarında soğan da yetişdirib. Bu il fermer kartofun hər hektarından 25 ton məhsul götürüb. Faraş məhsulu Rusiyaya göndərməyə nail olduğundan gəliri xeyli artırıb.
Rafət Abbasov çiyələk sahəsini daha 3 hektar genişləndirməyi planlaşdırır.
Qabaqcıl fermerin kollektivində 15-ə yaxın işçi çalışır, onlar 300-350 manat arası məbləğində əməkhaqqı alırlar.
Qeyd edək ki, Masallıda çiyələk yığımı dekabr ayınadək davam edəcək.