REGİONLAR
Masallıda Xalq rəssamı Kamil Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
Masallı, 18 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı professor Kamil Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Mərkəzin əməkdaşları, Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Masallı şəhər 3 nömrəli tam orta məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və Xalq rəssamı Kamil Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxış edərək bildirib ki, Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncam görkəmli sənətkarımıza verilən yüksək dəyərdir.
Sonra UGİM-in xalçaçılıq müəllimi, eyni zamanda, görkəmli rəssamın tələbəsi olmuş Tünzalə Abuzərova Kamil Əliyev haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
T.Abuzərova görkəmli rəssamın fəaliyyətinin əsas hissəsinin məhz “Azərxalça” birliyi ilə bağlı olduğunu diqqətə çatdırıb.
Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb, UGİM-in şagirdlərinin xalça dəzgahında hazırladıqları əl işlərinə baxış keçirilib.