REGİONLAR
Masallıda ağsaqqallarla görüş keçirilib
Masallı, 15 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 15-də Masallı şəhərindəki Ağsaqqallar Klubunda Yeni Azərbaycan Partiyasının veteran üzvləri və rayon ağsaqqalları ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, rayonun ağsaqqalları ilə - zəngin həyat və iş təcrübəsi olan, böyük nüfuz və hörmətə malik insanlarla vaxtaşırı görüşmək, onlarla fikir mübadiləsi aparmaq, məsləhət və təkliflərini öyrənmək işə müsbət təsir göstərir.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində rayonda görülən işlər, həyata keçirilən layihələr barədə danışan R.Hüseynov təkcə rayon mərkəzinin deyil, bütün ərazilərin, ucqar kəndlərin abadlaşdırıldığını, kənd yollarının təmir olunduğunu, əhalinin içməli su ilə təminatı, qaz çəkilişi sahəsində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanın bütün bölgələrini, o cümlədən Masallının inkişafını da daim diqqət mərkəzində saxlayır. Rayona həmişə lazım olan kömək göstərilir.
Tədbirdə çıxış edən Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Prezident təqaüdçüsü Şirvan Əbilov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, Müharibə, Əmək və Silahlı Qüvvələr veteranlar təşkilatı Masallı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev və digərləri rayonda sosial-iqtisadi inkişaf sahəsində görülən işlərdən, əldə edilən uğurlardan danışaraq mövcud problemlərlə bağlı təkliflərini bildiriblər. Çıxış edənlər regionların, o cümlədən Masallının inkişafına, əhalinin rifah halının yaxşılaşdırılmasına daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.