REGİONLAR
Masallıda gecə saatlarında avtoxuliqanlıq edən şəxs həbs edilib
Masallı, 30 iyul, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin sürücünün Neftçala rayon sakini S.Kərimov olduğu müəyyən edilib.
Tanışına məxsus “VAZ 2115” markalı avtomobillə avtoxuliqanlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə S.Kərimov sürücülük hüququ bir il məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.