REGİONLAR
Masallıda pensiya qanunvericiliyinə edilən son dəyişikliklərlə bağlı regional tədbir keçirilib
Masallı, 20 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşkilatçılığı ilə Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində pensiya qanunvericiliyinə edilən son dəyişikliklərlə bağlı regional seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fondun Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Biləsuvar, Neftçala və Cəbrayıl rayon şöbələrinin aidiyyəti sektorlarının əməkdaşları iştirak ediblər.
Seminar-müşavirədə Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə olunub.
Tədbir zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli Qanunu, habelə bu Qanunun tətbiqi ilə bağlı Fondun yerli orqanlarının pensiya və sosial sığorta sektorları əməkdaşlarının konkret fəaliyyət istiqamətləri barədə təqdimat və slaydlar vasitəsilə izahatlar verilib.
Seminar-müşavirədə bu il iyulun 1-dək təyin olunmuş əmək pensiyalarının məbləğinin şərti çevrilməsinin və qeyd olunan vaxtadək istifadə edilməmiş pensiya kapitalının yenidən hesablanmasının aparılması, pensiyaların indeksləşdirilərək artırılmasının yeni qaydası, pensiya öhdəliklərinin strukturu, yeni maliyyələşmə mexanizmi, pensiya kapitalının formalaşması barədə məlumat verilib. Tədbirdə, həmçinin pensiya yaşının qanunvericilikdə nəzərdə tutulan qaydada artırılması, yaşa və əlilliyə görə pensiya hüququnun yaranması, yaşa görə pensiya məbləğinin hesablanması, işləyən yaşa görə pensiyaçıların pensiyalarının yenidən hesablanması qaydaları diqqətə çatdırılıb.
Açıq diskussiya şəklində davam edən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.