CƏMİYYƏT
Masallıda şəhid tankçı Zaur Hüseynovun adına bulağın açılışı olub
Bakı, 4 oktyabr, AZƏRTAC
Masallı rayonunun Hişkədərə kəndində Vətən müharibəsi şəhidi, baş leytenant, tankçı Zaur Hüseynovun adına bulağın açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayon icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, şəhid ailələri, qazilər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs edib, Zəfərin memarları olan şəhidlərimizin unudulmayacağını, onların göstərdikləri şücaətin nəsillərdən-nəsillərə ötürüləcəyini qeyd edib.
Sonra şəhid baş leytenantın döyüş yolu barədə mərasim iştirakçılarına məlumat verilib. Bildirilib ki, Zaur Hüseynov 2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısının alınması və düşmənə ağır zərbə vurularaq geri oturdulması əməliyyatında iştirak edib. Sentyabrın 27-də başlanan Vətən müharibəsində də öndə gedən hərbçilərdən olan tankçı Zaur Hüseynov Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndlərinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə düşmənə sarsıdıcı zərbə vuranlardan biri olub. Yeddi postun alınmasında fəal iştirak edib. Elə həmin gün Füzulinin Alxanlı kəndində yaxınlığına minaatan mərmisinin düşməsi nəticəsində qəhrəmancasına şəhid olub. Sentyabrın 28-də şəhid zabitin nəşi doğma Hişkədərə kəndində böyük izdihamla son mənzilə yola salınıb. Ölümündən sonra “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.
O, həmçinin 2018-ci ildə döyüş hazırlığında qazandığı uğurlara və Silahlı Qüvvələrin möhkəmlənməsində iştirakına görə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.
Digər çıxış edənlər də həmin dövrdə həmrəyliyimizin qalib gəldiyini, “Dəmir yumruğun” vurduğu zərbənin neçə əsrlər keçsə də unudulmayacağını qeyd edib, üçrəngli bayrağımızı öz qanları ilə yüksəklərə ucaldan Vətən fədailərinə Allahdan rəhmət, qazilərə şəfa diləyiblər.