REGİONLAR
Masallıda və Cəlilabadda Milli Mətbuat Günü qeyd olunub
Masallı, 23 iyul, AZƏRTAC
İyulun 22-də Masallıda cənub bölgəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, jurnalistlər əvvəlcə rayonun görməli yerlərini gəzib, burada gedən tikinti-abadlıq işləri ilə tanış olublar.
Masallıdakı Heydər Əliyev Mərkəzində jurnalistlərlə keçirilən görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov KİV nümayəndələrini Milli Mətbuat Günü münasibətilə edərək ölkəmizdə milli mətbuatın inkişafına göstərilən dövlət qayğısından söhbət açıb, jurnalistlərin rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərini bildirib. O, son illər Masallıda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlar, həyata keçirilən infrastruktur layihələri barədə jurnalistlərə məlumat verib.
Masallının regionun mərkəzi rayonlarından birinə çevrildiyini vurğulayan icra hakimiyyətinin başçısı rayonda inşa edilən “ASAN HƏYAT” kompleksində əhaliyə müxtəlif xidmətlər göstərilməklə bərabər, buranın həm də istirahət mərkəzinə çevriləcəyini bildirib.
Qeyd olunub ki, bu il Masallıda Sənaye Məhəlləsinin və sosial mənzillərin tikintisinə başlanılacaq.
Görüşdə çıxış edənlər milli mətbuatımızın 141 illik tarixindən, müxtəlif dövrlərdə qəzet və jurnallarda çalışan maarifpərvər ziyalıların fəaliyyətindən söhbət açıb, Ümummilli Liderin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Sonda KİV təmsilçilərini maraqlandıran suallar cavablandırılıb, mətbuat işçilərinin bir qrupuna mükafatlar verilib.
X X X
İyulun 22-də Cəlilabad Rayon İcra Hakimiyyətində milli mətbuatın yaranmasının 141 illiyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edərək, ölkəmizdə mətbuatın inkişafından, media nümayəndələri üçün yaradılan şəraitdən danışıb.
“Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan milli mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı istiqamətində görülən işlərdən söz açan icra hakimiyyətinin başçısı milli mətbuatımızın intibah dövrünün Azərbaycanın müstəqilliyinin bərpasından sonra başlandığını diqqətə çatdırıb. Bildirilib ki, bu gün Azərbaycanda güclü media formalaşıb. Ölkəmizdə azad mətbuatın inkişafı üçün hər cür şərait yaradılıb.
Tədbirdə Prezident təqaüdçüsü, ”Yeni Gün” qəzetinin baş redaktoru Böyük Bağırlı çıxış edərək Azərbaycan mətbuatının şərəfli bir yol keçdiyini, ölkəmizdə mətbuatın, jurnalistlərin sərbəst fəaliyyətinə geniş imkanların yaradıldığını bildirib.
Digər çıxış edənlər də mətbuata dövlət qayğısından söz açıb, ümummilli lider Heydər Əliyevin medianın inkişafı sahəsində əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Sonda jurnalistlərin bir qrupuna hədiyyələr verilib.