CƏMİYYƏT
Masazır qəsəbəsində məişət tullantılarının qanunvericiliyə uyğun idarə edilmədiyi aşkarlanıb
Bakı, 11 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonunun Masazır qəsəbəsində Zəngilandan olan məcburi köçkünlər üçün salınmış yaşayış massivinə yaxın ərazidə məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əraziyə keçirilən baxış zamanı 2 min kvadratmetr sahəyə məişət tullantılarının qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi məlum olub.
Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə tullantıların idarə olunmasına cavabdeh olan Abşeron rayon, Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevə icrası məcburi olan müddətli göstəriş verilib.
Hazırda nazirliyin yerli qurumunun əməkdaşlarının nəzarəti ilə ərazi Masazır bələdiyyəsi tərəfindən tullantılardan təmizlənir.