ELM VƏ TƏHSİL
Mayda Təhsil Nazirliyinə 11 mindən çox müraciət daxil olub
Bakı, 4 iyun, AZƏRTAC
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində bu ilin mayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, ötən ay Vətəndaşlarla iş bölməsinə ümumilikdə 11.598 müraciət daxil olub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 8.622 zəng qəbul edilib.
Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2.976 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1.348 sənəd (760 məktub, 553 ərizə, 35 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox müəllimlərin diaqnostik qiymətləndirilməsi, işə qəbulu, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbul ilə bağlı məsələləri əhatə edib.