CƏMİYYƏT
Mayor Rail Ağayev: Vətən müharibəsində Ordumuzun gücünə böyük inam vardı
Bakı, 27 sentyabr, AZƏRTAC
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ordu-xalq birliyini göstərdi. Xalqımız bir amal - torpaqlarımızı düşməndən azad etmək uğrunda yumruq kimi birləşdi və Ordumuza tam gücünü, dəstəyini əsirgəmədi. Otuz il düşmən tapdağında olan torpaqlarımızın azad olunmasında Ordumuzun gücünə böyük inam var idi.
Bunu AZƏRTAC-a müsahibəsində Müdafiə Nazirliyinin mayoru Rail Ağayev deyib.
Qeyd edib ki, Ordumuz xalqımızın inamını, etimadını doğruldaraq üzərinə düşən tapşırığı layiqincə və yüksək səviyyədə yerinə yetirdi.
Döyüş yolu haqqında danışan R.Ağayev bildirib: “Vətən müharibəsi başlanan zaman əvvəlcə Füzuli, sonra Cəbrayıl və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etdim. Belə bir atalar misalı var - “Su yatar, düşmən yatmaz”. Nə qədər ki, mənfur düşmən qonşumuzdur, həmişə güclü orduya malik olmalıyıq. Düşmənin sonuncu - sentyabrın 12-də törətdiyi təxribat bunu bir daha göstərdi. Şahid olduq ki, Azərbaycan Ordusu daim düşmən təxribatının qarşısını almağa qadirdir”.
İyirmi ildən çoxdur ki, Azərbaycan Ordusunda xidmət etdiyini deyən Rail Ağayev Vətən müharibəsində ən yaddaqalan döyüşünün Qubadlı uğrunda olduğunu xatırladıb.