MƏDƏNİYYƏT
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi UNESCO-nun hökumətlərarası işçi qrupunun iclasında iştirak edir
Bakı, 12 iyun, AZƏRTAC
Çin Xalq Respublikası Hökumətinin ev sahibliyi ilə Çendu şəhərində “Qeyri-maddi mədəni irsin qorunmasına dair UNESCO Konvensiyası”nın nəticələrinin ümumi strukturunun işlənib hazırlanması üzrə açıq tərkibdə hökumətlərarası işçi qrupunun iclası keçirilir. İyunun 13-dək davam edəcək iclasda Mədəniyyət və Turizm Nazirliyini mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Qeyri-maddi mədəni irsin qorunmasına dair UNESCO Konvensiyası”nın tərəfdaş dövlətlərinin, təşkilatın nəzdində fəaliyyət göstərən qeyri-maddi mədəni irsin qorunması mərkəzlərinin, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclas zamanı “Konvensiyanın ümumi nəticələr çərçivəsinə doğru”, “Effektiv göstəricilərin müəyyən olunması”, “Ümumi nəticələr çərçivəsinin dövri hesabat ilə əlaqələndirilməsi”, “Əlavə informasiya mənbələrinin səfərbər və toplanmış məlumatların istifadə edilməsi” və bu kimi məsələlərin müzakirəsi aparılıb. Qeyri-maddi mədəni irsin qorunması üzrə UNESCO-nun Hökumətlərarası Komitəsinə müvafiq hesabatın təqdim olunması nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-maddi mədəni irsin qorunmasına dair UNESCO Konvensiyasının həyata keçirilməsində fəal iştirak edir, onun tələblərinə müvafiq olaraq öz ərazisində qeyri-maddi mədəni irsin müxtəlif elementlərini eyniləşdirir və müəyyən edir, qeyri-maddi mədəni irsin qorunmasını təmin etmək üçün zəruri tədbirlər görür, müvafiq proqram və layihələr həyata keçirir. “Azərbaycan muğamı”, “Azərbaycan aşıq sənəti”, “Novruz”, “Ənənəvi Azərbaycan xalçaçılıq sənəti”, “Tar və onun ifaçılıq sənəti”, “Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması”, “Lahıcın misgərlik sənəti”, “Nazik çörəyin hazırlanma və paylaşılma mədəniyyəti: lavaş, katrıma, jupka, yufka” kimi qeyri-maddi mədəni irs nümunələri Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə UNESCO-nun Reprezentativ Siyahısına, “Azərbaycan Respublikasında çövkən ənənəvi Qarabağ atüstü oyunu” Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə UNESCO-nun Siyahısına daxil edilib.