CƏMİYYƏT
Media nümayəndələri üçün “Əlilliyin düzgün dərk edilməsi” mövzusunda təlim keçirilib
Bakı, 7 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə maarifləndirici nəşrlərin hazırlanması” layihəsi çərçivəsində media nümayəndələri üçün “Əlilliyin düzgün dərk edilməsi” mövzusunda təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə rəhbəri Cəsarət Hüseynzadə məlumat verib ki, layihənin məqsədi cəmiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə, sosial problemlərinin həllinə cəlb edilməsinə, onların fiziki, əqli və intellektual potensiallarının üzə çıxarılmasına nail olmaq üçün məlumat və maarifləndirici xarakterli nəşrlərin hazırlanaraq əhali arasında geniş yayılması işinin təşkil edilməsidir.
Onun dediyinə görə, layihə çərçivəsində əlilliyi olan şəxslərin hüquqlarının təşviq edilməsi və bununla bağlı informasiya mühitinin yaradılması məqsədilə 3 mövzuda buklet hazırlanıb və 4 maarifləndirici videorolikin hazırlanması nəzərdə tutulub, eyni zamanda, əlilliyi olan istedadlı şəxslərin potensiallarının üzə çıxarılması və təbliğ olunması üçün 3 məqalə - reportaj və 2 videorolik hazırlanıb.
Layihə dövründə jurnalistlər və jurnalistika fakültəsinin tələbələri üçün əlilliyin düzgün dərk edilməsi mövzusunda 3 təlim keçiriləcək. Media nümayəndələri üçün keçirən təlim isə adından göründüyü kimi əlilliyin düzgün dərk edilməsi ilə medianın əlilliyi olan şəxslərin sosial adaptasiyasında rolunun gücləndirilməsinə xidmət edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisi Sevinc Cəfərova bildirib ki, həssas sosial qruplar ilə əlaqədar həyata keçirilən proseslərdə cəmiyyətin bütün sektorlarının birgə fəaliyyəti vacibdir.
Təlimdə əlillik və mediada etik standartlar mövzularında çıxış edən “Müstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Biliyinin sədri, əlillik məsələləri üzrə ekspert Aydın Xəlilov daha çox cəmiyyətdə əlilliyin dərki ilə bağlı problemin mövcud olduğunu bildirib. Ekspert qeyd edib ki, əlilliyi olanları çox vaxt normal olmayan, yararlı olmayan şəxs kimi təqdim edirlər və jurnalistlər belə məsələlərə daha həssas yanaşmalı, sosial mövzuları işıqlandırarkan məlumatlı olmalıdırlar.
Bakı Dövlət Universitetinin dosenti Vəfa İsgəndərova isə mediada etik standartlar mövzusunda çıxış edib.
Təlimdə iştirak edən jurnalistlərə sertifikatlar verilib.