ELM VƏ TƏHSİL
Media nümayəndələri və valideynlər AzTU-da imtahan prosesini izləyiblər
Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) qış imtahan sessiyasının gedişi ilə tanış olmaq üçün mediatur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, Təhsil Nazirliyi və universitetin İctimai Şurasının üzvləri, valideynlər və KİV nümayəndələri auditoriyalarda imtahan prosesini izləyiblər. Onlar cavabların yoxlanılması haqqında məlumatlandırılıb.
Rektor Vilayət Vəliyev bildirib ki, universitetdə imtahanlar test üsulu, yazılı və şifahi formalarda aparılır. Bütün imtahanlar "Elektron universitet portalı" vasitəsilə nəzarətə götürülür. İmtahanların nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra kompüterin ekranından görür. Bir dəfəyə 250 tələbə kompüter vasitəsilə test imtahanını verə bilir. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb. Yazılar şifrələndikdən sonra yoxlanılır. Universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Münaqişə Komissiyası təşkil olunub. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir.
Daha sonra valideynlərin və mətbuat nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, sessiya imtahanları fevralın 7-də başa çatacaq. İmtahanlarda hər hansı səbəbdən iştirak edə bilməyən tələbələr (magistrantlar) ərizə ilə müraciət edərək fevralın 15-dək həmin fənlərdən imtahan verə biləcəklər.