ELM VƏ TƏHSİL
Mediasiya Şurasında təcrübə keçən BDU tələbələrinə sertifikat verilib

Bakı, 2 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının Hüquqşünaslıq, sosial münasibətlər və psixologiya fakültəsinin sosial iş ixtisasları üzrə təhsil alan tələbələrinin Mediasiya Şurasında tədris-istehsalat təcrübələri başa çatıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, BDU-nun Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev, Elm və Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsinin İcra Komitəsinin rəhbəri Eldar Qocayev, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov iştirak edib.
Qeyd olunub ki, “SABAH” qruplarının Hüquqşünaslıq, sosial münasibətlər və psixologiya fakültəsinin sosial iş ixtisasları üzrə təhsil alan IV kurs tələbələri Mediasiya Şurasında tədris-istehsalat təcrübəsi zamanı lazımi praktiki biliklərə yiyələniblər. Tədris-istehsalat təcrübəsi Mediasiya Şurası ilə BDU arasında imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində həyata keçirilib. Mediasiya Şurası hər il tələbələrin təcrübə proqramlarında iştirakını təmin edəcək.
Sonda təcrübə proqramını uğurla başa vurmuş tələbələrə sertifikatlar təqdim olunub.