CƏMİYYƏT


Məişət zorakılığına məruz qalan 113 nəfərə müxtəlif növ yardım göstərilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin Məişət zorakılığına məruz qalan uşaqlar üçün yardım Mərkəzi bu il 113 nəfərə müxtəlif növ yardım göstərib. Yardım göstərilən 22 nəfər uşağın fiziki, 5 nəfərin cinsi, 30 nəfərin psixoloji, 9 nəfər uşağın iqtisadi zorakılığa məruz qaldığı müəyyən edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, uşaqları zorakılığa məruz qalmış 4 valideynə müvafiq rayonun icra hakimiyyəti tərəfindən qısamüddətli mühafizə orderi alınıb. Boşanma ərəfəsində olan 6 ailənin üzvlərinə göstərilmiş hüquqi yardım və davamlı psixoloji seanslar nəticəsində onların barışığına nail olunub.

Məktəb yaşına çatmış 12 uşaq proqram üzrə məktəbə hazırlıq keçib, 6 uşaq bağçaya yerləşdirilib, 7 uşağa ilkin tibbi yardım göstərilib və müalicələrinin davam etdirilməsi üçün tibb müəssisələrinə yönləndirilib. İki ananın 4 uşaq ilə birlikdə sığınacaqda məskunlaşması təmin olunub. Risk qrupuna aid edilən valideynlərdən 4 nəfəri işlə təmin edilib.

Məlumat üçün bildirək ki, Mərkəzin fəaliyyət dairəsi Sumqayıt, Quba, Qusar, Şabran, Xaçmaz və digər ətraf şəhər və rayonları əhatə edir və burada sosial işçi, hüquqşünas, psixoloq, pedaqoq, tibb bacısı və defektoloq fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.