ELM VƏ TƏHSİL
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başladı
Bakı, 15 avqust, AZƏRTAC
Avqustun 15-dən məktəbəhazırlıq qruplarına məktəblərdə uşaqların sənədlərinin qəbulu başlayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına elektron sistemdə qeydiyyatı aparılmış uşaqların sənədlərinin qəbulu sentyabrın 20-dək davam edəcək.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasıdır.
Məktəbəhazırlıq qrupuna qəbul üçün uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnamə, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici ölkədə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və valideynin (digər qanuni nümayəndənin) “Şəxsi kabinet”indən çap olunan “Ərizə” məktəbə təqdim olunmalıdır.
Valideynin (digər qanuni nümayəndənin) elektron sorğu yerləşdirdiyi məktəbə sənədləri təqdim edərək övladının məktəbəhazırlıq qrupuna qəbul olunması barədə müvafiq qəbz almasından sonra proses tam olaraq başa çatmış hesab edilir.
BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına uşaqların avqustun 1-dən başlayan elektron qeydiyyatı isə sentyabrın 18-dək davam edəcək.
Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün ərizələrin online qeydiyyatı mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Məktəbəhazırlıq qruplarına qəbulla bağlı sual yarandıqda elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərinə, bütün digər hallarla bağlı apellyasiya komissiyalarına müraciət etmək olar.
Növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumtəhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.