ELM VƏ TƏHSİL
Məktəbli şahmatçılar mükafatlandırılıb
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 24-də Respublika şahmat məktəbinin yeni binasının açılışı və məktəbli şahmatçılar arasında 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunan turnirin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev son dövrlərdə təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açıb. Şahmat idman növünün yaddaş və intellekti inkişaf etdirməsi, şagirdlərdə qətiyyətlilik, mübarizlik kimi mənəvi keyfiyyətlərin formalaşdırılmasında əhəmiyyətindən danışıb.
Tədbirdə iştirak edən qonaqlar - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Qarabağ qaziləri, tanınmış şahmatçılar məktəbdə yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, məktəbin binası 27 məşğələ, 2 kompüter və 4 müəllim otağı, 1 akt zalı, 1 idman zalı, 1 yarış zalından ibarətdir. Yeni istifadəyə verilmiş binada şahmat idman növü üzrə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi nəzərdə tutulur.
Çıxış edənlər yeni istifadəyə verilən binada yaradılan şəraitdən, bu kimi tədbirlərin istedadlı şahmatçıların üzə çıxarılması və inkişaf etdirilməsində müsbət təsirindən, məktəblilərin sağlam həyat tərzinə istiqamətləndirilməsinin, idmana cəlb olunmalarının vacibliyindən bəhs ediblər.
Silahlı Qüvvələr Günü ilə əlaqədar məktəbli şahmatçılar arasında keçirilən turnirin qalibləri dörd nominasiya üzrə mükafatlandırılıb, onlara diplom və medallar təqdim edilib.