ELM VƏ TƏHSİL
Məktəblilər Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə məlumatlandırılıb
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Yasamal rayonundakı M.Tusi adına 173 nömrəli orta məktəbin şagirdləri üçün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunmuş növbəti seminar-məşğələ keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminar-məşğələdə şuranın sədri, böyük elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkbərova Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və onun qazandığı nailiyyətlər haqqında məlumat verib. İnstitutun elmi işçisi, 173 nömrəli orta məktəbin coğrafiya müəllimi Gülsarə İmanova məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın gördüyü işlərdən danışıb.
Aparıcı elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani “Coğrafiyanın müasir problemləri” mövzusunda məruzə ilə çıxış edib.
Məktəbin tarix müəllimi Vəli Hüseynli Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən söz açıb.