REGİONLAR
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Oğuzda vətəndaşlarla görüşüb VİDEO
Oğuz, 7 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə avqustun 7-də Oğuz şəhərində vətəndaşlarla görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl ASC-nin sədri və Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Oğuz Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən qəbulda Oğuz və Şəki rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, sel sularına qarşı mühafizə bəndlərinin tikilməsi, suvarma kanallarının lildən təmizlənməsi, həmçinin cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti ASC-nin sədri Əhməd Əhmədzadə tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində həll olunub. Digər müraciətlər üzrə cəmiyyətin məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıq edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 9-da Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Qəbələ rayonunda, Rafiq Aslanov isə İsmayıllıda vətəndaşları qəbul edəcəklər.