REGİONLAR
Melioratorlar Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçiriblər
Ağdam, 12 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən respublikamızda ağacəkmə aksiyaları keçirilib. “Nəsimi ili”nə öz töhfələrini verən Qarabağ bölgəsinin melioratorları da ekoloji mühitin yaxşılaşdırılmasına yönəlmiş bu tədbirdə fəal iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər rayonunun meliatorları tərəfindən Tərtər-Bərdə, Tərtər-Hindarx avtomobil yollarının ətrafında, Dövlət Bayraq Meydanının ərazisində və Sol sahil magistral kanalının kənarında ağacəkmə aksiyaları keçirilib. Suvarma sistemləri, subartezian quyularının istismarı və Tərtərçay hidroqovşağının istismarı idarələrinin kollektivləri tərəfindən, ümumilikdə, 860 ədəd sərv, Eldar şamı, zeytun və digər meyvə ağacları əkilib.
Ağac əkilən ərazilərdə abadlıq-təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib və suvarılması həyata keçirilib.
X X X
Bərdə rayonunun melioratorları da noyabrın 12-də keçirilən ağacəkmə aksiyasında fəal iştirak ediblər. Aksiya zamanı Suvarma Sistemləri, Subartezian quyularının istismarı, Qarabağ meşə meliorasiya və Bərdə melioservis idarələrinin kollektivləri tərəfindən Mingəçevir-Bəhramtəpə avtomobil yolunun kənarında 1000 ədəd həmişəyaşıl, göyrüş, qarağac, meliya və ağcaqayın ağacları əkilib.
Ərazidə geniş abadlıq işləri də aparılıb, ağacların suvarılması üçün xətlər çəkilib, əkilən ağaclara aqrotexniki qulluq göstərilib.
X X X
Ağdam mexaniki suvarma idarəsinin kollektivi də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən ağacəkmə aksiyasına qoşulub. Aksiya zamanı Xındırıstan və Quzanlı nasos stansiyaları ərazisində 500 ədəd tut, 80 ədəd meyvə ağacı əkilib. Yeni əkilən ağaclar suvarılaraq, aqrotexniki qulluq olunub.
Ağdamlı melioratorlar əkilmiş ağaclara gələcəkdə də qulluq etməyi, vaxtı-vaxtında suvarmağı öhdələrinə götürüblər.