ELM VƏ TƏHSİL
Memarlıq və İnşaat Universitetində şəhid məzunların xatirə qorelyefi açılıb
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) memarlıq fakültəsinin 44 günlük Vətən müharibəsində həlak olmuş şəhid məzun Ramil Ağayevin və Birinci Qarabağ müharibəsində şəhid olmuş tələbə Fuad Əsədovun xatirəsinə həsr edilən qorelyefin açılış mərasimi olub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbiri memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova açaraq ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğullarımızın xatirəsinin daim yaddaşlarda qalacağını söyləyib. O qeyd edib ki, Birinci Qarabağ müharibəsində şəhid olan Fuadın və yüzlərlə qəhrəman oğullarımızın qanını yerdə qoymayan, canı, qanı bahasına böyük Zəfərə imza atan Ramil kimi oğullarla fəxr edirik.
Z.Məmmədova Vətən müharibəsinin şəhidi Ramil Ağayevlə bağlı xatirələrini bölüşüb, hər iki şəhidin doğmalarına səbir, dözüm arzulayıb.
AzMİU-nun rektoru Gülçöhrə Məmmədova torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən şəhidlərimizin xatirəsinə diqqət və ehtiramın göstərilməsinin hər birimizin borcu olduğunu vurğulayıb. Universitetin bütün fakültələrində şəhid tələbə və məzunların xatirəsinə həsr olunmuş guşələrin yaradıldığını iştirakçıların diqqətinə çatdırıb.
G.Məmmədova xalqımızın 30 illik həsrətinə son qoyan 44 günlük Vətən müharibəsi qəhrəmanlarının gələcək nəsillər üçün ən yaxşı örnək olduğunu, onların qoyub getdikləri vətənpərvərlik məktəbinin davamçılarının bundan sonra da yetişəcəyini qeyd edib.
Mərasimdə iştirak edən Fuad Əsədovun anası Solmaz xanım şəhid ailələri adından onlara verilən yüksək qiymətə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, memarlıq fakültəsinin müəllimlərinə, kompleksin müəlliflərinə - heykəltaraşlara minnətdarlığını bildirib.
Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə hər iki şəhidin valideyninə səbir, dözüm arzulayıb.
Qorelyefin müəllifi heykəltaraş Kənan Əliyev və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birinci kurs tələbəsi Namiq Hüseynovdur.