ELM VƏ TƏHSİL
Memarlıq və İnşaat Universitetini 25 tələbə fərqlənmə diplomu ilə bitirib
Bakı, 4 iyul, AZƏRTAC
İyulun 4-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “məzun günü” keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) nümayəndələr, özəl qurumların təmsilçiləri, AzMİU-nun fəxri məzunları və valideynlər iştirak ediblər.
Tədbir universitet tələbələrinin ifasında dünya şöhrətli müğənni Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başlayıb. Qonaqları salamlayan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova məzunları təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb, təhsil aldıqları universitetin adını daim uca tutmağı tövsiyə edib. O deyib: “Bu gün zəngin elm və təhsil ənənələrinə malik olan universitetin 42-ci təntənəli buraxılış gecəsinə toplaşmışıq. Başa vurduğumuz tədris ilində universiteti bakalavr səviyyəsində 25 ixtisas üzrə 1223 tələbə bitirir. Təhsilin magistratura səviyyəsində 153 magistr məzun olur. Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, onlardan 25-i universiteti fərqlənmə diplomu ilə bitirir. Bakalavr tələbələrimizdən 221 nəfər təhsilin magistratura pilləsinə qəbul imtahanlarını uğurla başa vurub. Bu il “SABAH” qruplarının ilk məzunu olaraq 53 tələbə memarlıq, inşaat mühəndisliyi, nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə universiteti bitirir. “SABAH” məzunlarından 7 nəfəri Avropanın qabaqcıl universitetlərinin magistraturasına qəbul olunub”.
Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində təhsilin inkişaf etdiyini bildirən rektor ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin qazandığı uğurlardan da danışıb. Gülçöhrə Məmmədova onu da qeyd edib ki, universitetin qarşısında duran mühüm vəzifələrdən ən önəmlisi ölkəmiz üçün yüksəkixtisaslı, savadlı milli kadrlar hazırlamaqdır. Rektor ölkədə keçirilən bilik və idman yarışlarında, könüllülük hərəkatında, Vətənin qorunmasında AzMİU tələbələrinin təmsil olunmasını qürurverici hal adlandırıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli təmsil etdiyi qurumun rəhbərliyi adından məzunları təbrik edib, ölkəmizin yüksək bilik və bacarıqlı gənclərə daim ehtiyacı olduğunu vurğulayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. AzMİU-nu sabahın qurucuları hazırlayan elm və təhsil ocağı kimi dəyərləndirən akademik burada ölkəmiz üçün çox vacib olan ixtisaslar üzrə mütəxəssislərin hazırlandığını qeyd edib. O ümidvar olduğunu bildirib ki, universitetin builki məzunları respublikamızda vüsət alan tikinti, quruculuq və abadlıq işlərində fəal çalışacaqlar.
Tədbirdə universitetin müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomları təqdim olunub. Təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə mükafatlar verilib. AzMİU-nu fərqlənmə diplomu ilə bitirən əcnəbi tələbələr müəllimlərinə təşəkkürlərini bildiriblər.