ELM VƏ TƏHSİL
“Mən azərbaycanlıyam” mövzusunda yaradıcılıq müsabiqəsi başlanmışdır
Bakı, 23 fevral (AZƏRTAC). Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Mən azərbaycanlıyam!” adlı yaradıcılıq müsabiqəsi başlanmışdır.
BŞTİ-dən AZƏRTAC-a bildirmişlər ki, müəllimlərlə yanaşı, VIII - XI sinif şagirdlərini əhatə edən müsabiqə 3 mərhələdən ibarətdir. Birinci - məktəb mərhələsi mart ayının 10-dək yekunlaşacaqdır.
Qeyd edək ki, “Mən azərbaycanlıyam!” adlı yaradıcılıq müsabiqəsinin I mərhələsini ümumtəhsil məktəbləri və ilk həmkarlar təşkilatlarının rəhbərləri tərəfindən yaradılan məktəb təşkilat komitələri (MTK) keçirir. Bu turun hər nominasiya üzrə qaliblərinin siyahısı MTK tərəfindən martın 10-dək şəhər təşkilat komitələrinə (ŞTK) təqdim ediləcəkdir.
Məktəblərdən hər nominasiya üzrə yalnız 1 nəfər qalib seçilərək növbəti turda iştirak edə bilər. II mərhələdə hər nominasiya üzrə qaliblər münsiflər heyətinin rəyi ilə müəyyənləşəcək və aprelin 1 - dək yekun tura təqdim olunacaqdır. Apreldə keçiriləcək yekun turda isə ŞTK, həmçinin yekun tur üzrə münsiflər heyəti ən yaxşı işləri və müsabiqənin qaliblərini müəyyən edəcəkdir.
Müsabiqə elmi - praktik konfrans, inşa yazı, bədii qiraət, fərdi internet səhifəsi (veb sayt, bloq), o cümlədən şagird və müəllimlərin slaydları (təqdimatları) layihələri üzrə aparılır. Elmi-praktiki konfrans layihəsində şagird və müəllimlərin ulu öndər Heydər Əliyevin irsi ilə bağlı elmi - analitik məruzələrlə müsabiqə çərçivəsində keçirilən konfranslarda çıxışları nəzərdə tutulur.
Müsabiqəyə təqdim edilən layihələr nominasiyalar üzrə qruplaşdırılır və hər bir nominasiya üzrə qiymətləndirmə meyarı müəyyən edilir. Şərtlərə uyğun olaraq təqdim edilən işlər münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilir və səsvermə yolu ilə aparılır. Yekun mərhələdə isə kompyuter layihələri üzrə iştirakçılar işlərini nümayiş etdirərək müdafiə edəcəklər.
Müsabiqənin şərtlərinə görə, qaliblərə hər bir nominasiya üzrə bir I dərəcəli, iki II dərəcəli və üç III dərəcəli diplom veriləcəkdir. Birinci yeri tutan iştirakçılar həm də adlı təqaüdə layiq görüləcəklər. Nominasiyalar üzrə diqqəti çəkən digər işlərin müəllifləri həvəsləndirici diplomlarla mükafatlandırılacaqlar.