REGİONLAR
Mənəvi Dəyərlərin Təbliği Fondu İsmayıllıda tələbələr üçün “Yay məktəbi” təşkil edib
İsmayıllı, 11 iyul, AZƏRTAC
İsmayıllıdakı “Qız qalası” istirahət mərkəzində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə ali məktəb tələbələri üçün “Yay məktəbi” təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Yay məktəbi”nə ayrı-ayrı ali məktəblərdən 100 tələbə cəlb olunub. İyulun 12-dək davam edəcək beş günlük “Yay məktəb”ində tələbələr istirahət etməklə yanaşı, Lahıc qəsəbəsində olacaq, malakanların yaşadıqları İvanovka kəndinə səyahət edəcək, İsmayıllının turizm imkanları, istehsal sahələri, aqrar bölməsi ilə bağlı ətraflı bilgilər əldə edəcəklər. Tələbələr İvanovkada molokan-ruhani xristian dini icması, Lahıcda “Ağolo”, “Bədöyün”, “Zəvəro” məscidləri, qədim hamam, Lahıc Tarix-Diyarşünaslıq muzeyi, İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq muzeyi, xalça fabriki ilə tanış olacaq, tolerant və multikultural dəyərlərin gözəl nəticələrini öz gözləri ilə görəcəklər.