DÜNYA
Mərakeş Aİ ölkələrindən buğda və arpa idxalını artırıb
Rabat, 16 sentyabr, AZƏRTAC
Avropa Komissiyasının bu yaxınlarda dərc olunmuş hesabatında bu ilin ilk 5 ayı ərzində Aİ ölkələrindən Mərakeşə qida məhsulları ixracının artması qeyd edilib. Bu, Mərakeşdə buğdaya və arpaya tələbatın artması ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu artımın əsas səbəbi cari ildə Mərakeşdə yağıntıların az olması ilə əlaqədar dənli bitkilər məhsulunun azalmasıdır. Nəticədə ölkə xaricdən taxıl idxalını artırmalı olub.
Avropa Komissiyasının məlumatına görə Avropadan Mərakeşə qida məhsulları ixracının dəyəri 39,3 faiz və ya təqribən 326 milyon avro qədər artıb. Mayın sonuna qədər Avropadan bu Krallığa idxalın ümumi həcmi 1,15 milyard avroya bərabər olub. Mərakeşdə istehsal edilən qida məhsullarının Avropa İttifaqı tərəfindən idxalına gəldikdə isə cari ilin həmin dövrü ərzində bu rəqəm, əsasən meyvələrə tələbat hesabına, 154 milyon avro artıb.
Avropa Komissiyasının statistik məlumatına əsasən, Mərakeş Aİ ölkələri tərəfindən qida məhsulları ixrac edilən dövlətlər arasında 14-cü yeri, Aİ ölkələrinin qida məhsulları idxal etdiyi dövlətlər arasında isə 11-ci yeri tutur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt