SİYASƏT
Mərakeş nəşri: Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilib
Rabat, 18 may, AZƏRTAC
Mərakeşin “Asvat” qəzetinin magazineaswat.com elektron nəşrində şərqşünas Həşim Məmmədovun “Azərbaycan sürətlə inkişaf edir” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədinin müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafının təmin edilməsi olduğu vurğulanıb.
Məqalədə bildirilir ki, ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən neft gəlirlərindən səmərəli istifadə etməklə ölkədə iqtisadiyyatın şaxələndirilməsinə nail olmağı, ağırlıq mərkəzini tədricən neftdənkənar sahələrə yönəltməyi və beləliklə də, iqtisadi artımın qeyri-neft sektorunun hesabına baş verməsini qarşıya mühüm vəzifə kimi qoyaraq bu strateji hədəfə çatmaq üçün mühüm qərarlar qəbul edib.
H.Məmmədov yazır ki, Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb.
Mərakeş nəşrində bildirilir ki, Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu özündə birləşdirən Azərbaycan regionda mühüm siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasının əsas təşəbbüskarı rolunda çıxış edir. Respublikamızın fəal iştirakı ilə həyata keçirilən enerji, infrastruktur və digər layihələr bütövlükdə regionun inkişafında mühüm rol oynayır. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilib.
Şərqşünas qeyd edir ki, Azərbaycanın əldə etdiyi uğurlu inkişaf göstəriciləri nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq reytinq agentliklərinin hesabatlarında da əks olunur.
“Asvat” nəşri yazır ki, Azərbaycanın müsbət beynəlxalq imici var, ölkəmizin nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat