İQTİSADİYYAT
Mərkəzi Bankda müəllimlər üçün təlim keçirilib
Bakı, 14 iyun, AZƏRTAC
Mərkəzi Bankda ölkənin ümumtəhsil məktəblərinin müəllimlərinə maliyyə savadlılığının kurikuluma inteqrasiya edilmiş elementlərinə dair peşəkar təlimlər təşkil olunub.
Mərkəzi Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2017/2018-ci tədris ilinin ikinci yarısında “Həyat bilgisi” fənnini tədris edən 110 nəfər müəllimə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə təlimlər keçirilib. Təlimlər zamanı müəllimlərin iqtisadi savadlılığının artırılması və tədris prosesində bu biliklərdən effektiv istifadə məqsədilə müxtəlif mövzular tədris olunub. Sözügedən təlimlərə maraq göstərmiş müəllimlərin iqtisadi mövzulara aid sualları mütəxəssislər tərəfindən cavablandırılıb.
Təlimlərin yekununda tərəfdaş qurumların iştirakı ilə müəllimlərə sertifikatlar təqdim edilib və iştirakçıların təlim haqqında rəyləri öyrənilib.
Ümumtəhsil məktəblərinin müəllim və şagird heyətinin iqtisadi maarifləndirilməsi üçün Mərkəzi Bank gələcəkdə də müxtəlif tədbirlər keçirməyi nəzərdə tutur.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə prioritet istiqamət kimi müəyyənləşdirilmiş "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin icrası ilə bağlı tədbirlər Mərkəzi Bankda davam etdirilir.