ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana əlaqələrini genişləndirir
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Azərbaycan Mətbuat Şurası (MŞ) arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən MEK-in direktoru Leyla İmanova MŞ ilə birgə görülən işlərin əhəmiyyətindən və memorandumun məqsədindən söz açıb, bu sənədin faydalı əməkdaşlığa təkan verəcəyini söyləyib.
L.İmanova kitabxananın Dövri mətbuat fondu, burada saxlanılan qəzet və jurnallar, 2015-2018-ci illər fəaliyyət dövründə əldə olunan nəticələr və strateji hədəflər barədə məlumat verib. MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) bazasının əhəmiyyətindən danışan direktor onun yaratdığı imkanlar vasitəsilə mediaya etibarlı elmi informasiya dəstəyi verilə biləcəyini diqqətə çatdırıb. L.İmanova MRY bazasının Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı ilə həyata keçirilən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması” layihəsi əsasında daha da zənginləşdiyini vurğulayıb. O, həmçinin Azərbaycanın aparıcı mətbuat orqanlarının nüsxələrinin elektron formatda MEK-in MRY bazasında yerləşdirilməsi prosesi, kitabxananın BDU-nun jurnalistika fakültəsi və digər qurumlarla əməkdaşlığından danışaraq bu istiqamətdə fəaliyyətin davam edəcəyini bildirib. L.İmanova çıxışında MEK-in “Vikipediya” fəaliyyətindən və onun milli kontentin inkişaf etdirilməsi yönündə xidmətindən də danışıb.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əlfatun Amaşov rəhbərlik etdiyi qurumun həyata keçirdiyi tədbirlərdən, layihələrdən, medianın mövcud vəziyyətindən və MEK-lə birgə görülən işlərdən danışıb.
Tədbirdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının sədr müavinləri Umud Rəhimoğlu, Müşfiq Ələsgərli və digər çıxış edənlər memorandumun əhəmiyyətini yüksək qiymətləndirib, kitabxananın ölkənin aparıcı media qurumları ilə əlaqələrindən, elektron fondunun genişləndirilməsi və oxuculara xidmət göstərilməsi istiqamətində fəaliyyətindən bəhs ediblər.
Sonda L.İmanova və Ə.Amaşov əməkdaşlıq haqqında memorandumu imzalayıblar.