CƏMİYYƏT
Meşə zolağında narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakini saxlanılıb VİDEO
Bakı, 14 iyul, AZƏRTAC
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 4 nəfər rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Havzava kənd sakini Azər Fərəcov saxlanılıb. Onun yaşadığı kənddəki meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi yaş kütləsi 10 kiloqramdan artıq olan 61 ədəd narkotik xassəli çətənə bitkisi aşkar edilərək götürülüb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə həmçinin 3 rayon sakininin də həyətyanı sahəsindən kultivasiya yolu ilə becərilmiş ümumilikdə 16 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.
Faktla bağlı polis əməkdaşları tərəfindən bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.