CƏMİYYƏT
Meşələr iqlim dəyişikliyinin nəticələrini yumşaltmağa necə kömək edir?
Bakı, 4 oktyabr, AZƏRTAC
Romada Meşə Təsərrüfatı Komitəsinin 26-cı sessiyası işinə başlayıb.
AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, sessiya iştirakçıları Ərzaq və Kənd təsərrüfatı Təşkilatının (FAO) meşələrin vəziyyəti haqqında illik məruzəsini müzakirə edir və FAO-nun meşə təsərrüfatı sahəsində gələcək işində strateji istiqamətləri müəyyən edirlər.
Keçən il Qlazqoda imzalanmış Meşələr və torpaqlardan istifadə haqqında Deklarasiyada 141 ölkə liderləri 2030-cu ilə qədər meşələrin itirilməsi prosesini dayandırmaq və onların bərpasını dəstəkləməyi öhdəsinə götürüblər. FAO məruzəsinin müəllifləri bu kontekstdə üç meşə təsərrüfatı strategiyasının perspektivlərini nəzərdən keçiriblər: meşəsizləşdirmə prosesinin dayandırılması, deqradasiyaya uğramış torpaqların bərpası, eləcə də ekoloji nöqteyi-nəzərdən təmiz istehsal-satış zəncirlərinin qurulması. Mütəxəssislər əmindirlər ki, bu strategiyalar icra oluna bilər və onların zəruriliyini sübut edirlər.
Meşələrin sağlamlığı üçün əsas risk amillərindən biri iqlim dəyişikliyidir.
Meşələr iqlim dəyişikliyinin nəticələrinin yumşaldılmasında ən mühüm rol oynayır. Ağaclar və meşələr iqlim dəyişikliyi ilə mübarizədə əsas vasitələrdən biridir. Meşələrdə 662 milyard karbon qazı saxlanılır, bu da torpaqlarda və bitki örtüyündə olan onun qlobal ehtiyatlarının yarısından çoxunu təşkil edir.
Meşə sahələrinin azalmaqda davam etməsinə baxmayaraq, meşələrin bərpası, meşələrin idarə edilməsinin keyfiyyətinin yüksəlməsi və digər amillər sayəsində 2011–2020-ci illərdə meşələr atmosferə buraxdıqlarından daha çox karbon qazı saxlayırdı.
Meşələrin iqlimə yerli və regional təsiri də mühüm amil ola bilər: misal üçün, şəhər mühitində ağacların olması sayəsində yayda Mərkəzi Avropada yer səthinin temperaturu və həddindən artıq yüksək temperatur zamanı 12 dərəcəyə qədər azalır.
Meşə Təsərrüfatı Komitəsinin 26-cı sessiyası oktyabrın 7-dək işinə davam edəcək.