CƏMİYYƏT
Mətbuat Şurasının reket jurnalistikaya qarşı mübarizə komissiyasının iclası keçirilib
Bakı, 8 noyabr, AZƏRTAC
Noyabrın 8-də Azərbaycan Mətbuat Şurasının (MŞ) reket jurnalistikaya qarşı mübarizə komissiyasının iclası keçirilib.
Mətbuat Şurasından AZƏRTAC-a verilən məlumata görə, Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov iclası açaraq deyib ki, komissiyanın tərkibində MŞ İdarə Heyətinin üzvləri ilə yanaşı, KİV-lərdən və dövlət qurumlarından nümayəndələr var. Bildirilib ki, reket jurnalistikaya qarşı mübarizə komissiyasının tərkibinə Baş Prokurorluqdan və Dövlət Təhlükəsizliyi Xidmətindən də təmsilçilər daxil edilib. Şura sədri onların da iclasda iştirak etdiklərini diqqətə çatdırıb.
Sonra reket jurnalistikaya qarşı mübarizə komissiyasının sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclasın gündəliyində duran məsələlər barədə məlumat verib. O bildirib ki, rəhbərlik etdiyi komissiyaya Şuranın şikayətlər üzrə komissiyası tərəfindən təqdim edilmiş 9 rəydə 9 KİV-in adının “qara siyahı”ya salınması nəzərdə tutulub.
Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının sədri, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli rəhbərlik etdiyi komissiyanın adları çəkilən KİV-lər barədə rəylərini zəruriləşdirən səbəblərdən söz açıb.
Müzakirələrin gedişində bildirilib ki, reket jurnalistikaya qarşı mübarizə komissiyasının fəaliyyətini gücləndirməsi vacibdir. Xüsusən də qurumun tərkibində hüquq mühafizə orqanlarının təmsilçilərinin olmaları mövcud sahədə daha intensiv işin aparılmasına kömək göstərəcək.
Müzakirələrdən sonra 9 KİV-in adlarının Mətbuat Şurasının “qara siyahı”sına daxil edilməsinə dair rəy çıxarılıb. Bu istiqamətdə yekun qərar Şuranın İdarə Heyəti tərəfindən veriləcək.