CƏMİYYƏT
Metroda vətəndaşların mobil telefonlarını oğurlayan qadın polis tərəfindən saxlanılıb
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 24-də İmişli rayon sakini Orxan Əliyev və Bakı şəhər sakini Əsmər Səlimova metronun “28 May” və “Elmlər Akademiyası” stansiyalarında ciblərindən mobil telefonlarının oğurlanması barədə Bakı Şəhər Baş Polis İdarəsinin metropolitendə polis şöbəsinə müraciət ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə cibgirliklə məşğul olan qadın müəyyənləşdirilib və elə həmin gün saat 20.10 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında o “isti izlər”lə yaxalanaraq şübhəli şəxs qismində polis şöbəsinə gətirilib.
Araşdırmalarla onun Bakıda yaşayan Əsmər Hüseynova olduğu müəyyənləşdirilib. Onun üzərinə baxış keçirilərkən oğurladığı iki mobil telefon - “İphone 5S” və “Lenova K5” aşkarlanaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs telefonları cibgirlik yolu ilə götürdüyünü etiraf edib.
Maddi sübut kimi götürülmüş həmin mobil telefonların İmişli rayon sakini O.Əliyevə və Bakı şəhər sakini olan Ə.Səlimovaya məxsus olduğu müəyyən edilib.
Saxlanılan şəxsdən əvvəl oğurladığı daha iki ədəd mobil telefon da aşkarlanaraq götürülüb və onların sahiblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin metropolitendə polis şöbəsində araşdırma aparılır. Ə.Hüseynovanın digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.