CƏMİYYƏT
Meyvə-tərəvəz məhsullarının istehsalı və ixracatı ilə məşğul olan sahibkarlar üçün onlayn iclas keçirilib
Bakı, 13 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində meyvə-tərəvəz məhsullarının istehsalı və ixracatı ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün onlayn iclas keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda 60-dan çox istehsalçı və ixracatçı iştirak edib.
Agentliyin Bitki sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət fitosanitar müfəttişi Xəyalə Dadaşova iştirakçılara ölkənin fitosanitar vəziyyəti, istehsal və ixrac olunan məhsullar, istixanalarda becərilən tərəvəzlər, ölkələrin ixrac olunan məhsullara fitosanitar tələbləri, zərərli orqanizmlərə qarşı elmi əsaslara söykənən məhvedici tədbirlər, fitosanitar sertifikatların verilməsi qaydaları barədə məlumat verib. İstixanalarda mövsümi olaraq məhsul yığımının başa çatdığı, sağlamlaşdırıcı tədbirlər üçün şərait yarandığı və hər bir sahibkar tərəfindən həmin məsələlərə diqqət və məsuliyyətlə yanaşılmasının vacibliyi vurğulanıb.
İclasda sahibkarlara verilən dəstək və təlimatlar əsasında işlər daha səmərəli qurulduğundan istehsal və ixracda yüksək nəticələrin əldə olunduğu diqqətə çatdırılıb. Digər ölkələrdən müasir cihaz və avadanlıqların alınaraq ölkəyə gətirildiyi, yüksək keyfiyyətli preparatlarla xidmətlərin həyata keçirildiyi, bu sahədə baş verən yeniliklərə dair bilik və bacarıqlarının artırılması məqsədilə mütəxəssislərin ötən il bir sıra ölkələrə ezam olunduğu barədə məlumat verilib. Hazırda istehsal və saxlanma sahələri, dənli və paxlalı bitkilərlə yanaşı, yaş meyvə-tərəvəz məhsullarının zərərli orqanizmlərinin zərərsizləşdirilməsində də uğurlar əldə olunduğu qeyd edilib.
İclasda müzakirələr aparılıb və təkliflər dinlənilib.