İDMAN


Məzahir Əfəndiyev: Bayrağımızı dünyada ucaldan idmanımız xalqın böyük sevgisinin və əzmkar fəaliyyətin nəticəsidir

Bakı, 11 avqust, AZƏRTAC

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasına səfərləri çərçivəsində Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirakdan əvvəl ölkəmizi təmsil edən idmançılarla görüşdülər. Artıq ənənə halını almış belə görüşlər bayrağımızı dünyanın hər yerində dalğalandıran idmanımızın inkişafına, o cümlədən idmançılara ölkə rəhbərliyi tərəfindən göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

Deputat bildirib ki, İslam Həmrəyliyi Oyunları İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin idmançılarının iştirakı ilə keçirilən müsəlman aləminin ən böyük beynəlxalq idman, dostluq və həmrəylik tədbirlərindən sayılır. Dördüncü İslam Həmrəyliyi Oyunları 2017-ci il mayın 12-22-də Bakıda keçirilib.

Məhz 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Oyunların bağlanış mərasimində V İslam Həmrəyliyi Oyunlarına Türkiyənin ev sahibliyi edəcəyini elan etmişdi. Ümumiyyətlə, Azərbaycanın ali rəhbərliyi müstəqillik dövründə dünya idman növlərinin təbliği və təşviqi, eləcə də idmançılarımızın təşkilatlanmasında xüsusi rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin Milli Olimpiya Komitəsinə Prezident seçilməsindən sonra Azərbaycan idmanında misilsiz və böyük nailiyyətlər əldə olunub.

M.Əfəndiyev diqqətə çatdırıb ki, dünyada ilk dəfə Avropa Oyunlarının keçirilməsi Azərbaycanın dünya idman siyasətinə verdiyi ən böyük töhfələrdən biridir. Bu böyük idman bayramının Azərbaycanda ən yüksək səviyyədə təşkil olunması üçün Prezident İlham Əliyevin 2013-cü il 17 yanvar tarixli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin sədrliyi məhz birinci xanım Mehriban Əliyevaya həvalə olunmuşdu.

Birinci vitse-prezident Mehriban Əliyeva Avropa Oyunlarının rəsmi açılış mərasimi zamanı çıxışında səsləndirdiyi “Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir” sözləri tədbirin nəinki ən yüksək səviyyədə təşkil olunduğunu, eyni zamanda, Azərbaycanın potensialını, gücünü, xalqının iradəsini dünyaya bir daha göstərdi.

Deputatın sözlərinə görə, növbəti İslam Həmrəyliyi Oyunlarının qardaş Türkiyədə keçirilməsi Azərbaycan üçün xüsusi önəmə malikdir. Azərbaycan Prezidentinin ölkəmizi təmsil edən idmançılarla görüşündə səsləndirdiyi kimi, Oyunların Türkiyədə keçirilməsi uğurlu nailiyyətlərin əldə olunmasına əlavə imkanlar yaradır.

Deputat qeyd edib ki, ölkəmizin qəhrəman övladlarının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ - Vətən müharibəsində göstərdiyi şücaət Azərbaycan mədəniyyətinin və idmanının, eləcə də Azərbaycanın gənc nəslinin böyük potensialını ortaya qoydu.

M.Əfəndiyev sonda vurğulayıb ki, doğma Qarabağımızda unudulmaz tarixi, mədəni-ictimai tədbirlərdə Prezident İlham Əliyevlə birlikdə Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı bir daha Birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi zamanı səsləndirilən fikirlərdəki məqsədyönlü fəlsəfənin real həyatda tətbiqidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.