REGİONLAR
Məzhəbçilik və dini təəssübkeşlik meyilləri multikultural cəmiyyət üçün yaddır
Lənkəran, 4 mart, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda videokonfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Videokonfransda çıxış edənlər ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını qeyd edib. Multikulturalizmin xalqımızın həyat tərzini təşkil etdiyi vurğulanıb.
Həmçinin çıxışlarda məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğu bildirilib. Qeyd olunub ki, tarix boyu ortaya çıxan müəyyən münaqişələr insanlara din adı ilə təqdim olunub. Amma, belə bir yanaşma, əslində İslamın özünəməxsus həqiqətlərinin ortaya çıxmasına maneə təşkil edir.
Vurğulanıb ki, hamımızı birləşdirən əxlaq kodeksləridir. Bu, sadəcə məzhəblər arasında deyil, əslində bütün dinlər arasında birləşdirici amildir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.