İQTİSADİYYAT
“Microsoft”un prezidenti dünyanı “Cenevrə Rəqəmsal Konvensiyası”nı qəbul etməyə çağırıb
Bakı, 10 noyabr, AZƏRTAC
“Cenevrə Rəqəmsal Konvensiyası”nı qəbul etmək vaxtı yetişib. AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bunu ABŞ-ın texnoloji nəhəngi olan “Microsoft” şirkətinin prezidenti Bred Smit bəyan edib. Onun sözlərinə görə, virtual dünyada yeni “sürətlə silahlanma” prosesi başlayıb, dövlətlər və özəl müəssisələr “görünməyən silahın” köməyi ilə hücuma məruz qalır. O deyib: “Təkcə bir cinayətkar aksiya nəticəsində dünyanın 150 ölkəsində 200 min kompüter hücuma məruz qalıb. Bu hadisə əyani şəkildə göstərir ki, biz yeni eraya - görünməz silahla müharibə aparılan kibermüharibə erasına qədəm qoymuşuq. Bu müharibə üçün bizə yeni qaydalar lazımdır”.
Bəzi hesablamalara görə, kibercinayətkarlıq nəticəsində ildə 70 milyard dollar iqtisadi ziyan dəyir. B.Smit ölkələri rəqəmsal məkanda təhlükəsizlik məsələlərini tənzimləyən yeni beynəlxalq sənədlər yaratmaq üçün səyləri birləşdirməyə çağırıb.