ELM VƏ TƏHSİL
Mikrobiologiya dünən, bu gün və sabah
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunda “Elm günü”nə həsr olunan “Mikrobiologiya dünən, bu gün və sabah“ mövzusunda elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq ölkəmizdə elmə daim böyük diqqət göstərildiyini söyləyib, Prezident İlham Əliyevin “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamının bunun bariz nümunəsi olduğunu bildirib.
“Mikrobiologiya dünən, bu gün və sabah” mövzusunda çıxış edən Pənah Muradov bu elm sahəsinin tarixinə nəzər salıb, yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. O, həmçinin mikrobiologiya elmini ictimaiyyətə və gənclərə tanıtmaq məqsədilə videoçarxın hazırlandığını diqqətə çatdırıb.
Çıxış seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.
Seminarda institutun elmi işçisi Aytən Səfərovanın və magistrantı Yaqut Yusifovanın da məruzələri dinlənilib.
Tədbirdə institutun əməkdaşları ilə yanaşı, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan institutlardan nümayəndələr, həmçinin Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbələri iştirak ediblər.