ELM VƏ TƏHSİL


“Millennium” layihəsi Azərbaycanda reallaşdırılır

Bakı, 14 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda bu qurumun və Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Millennium” layihəsinin direktoru, professor Cerom Qlen ilə görüş keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev müzakirəyə təqdim olunan məsələlərin ölkəmiz üçün aktual olduğunu və böyük əhəmiyyət kəsb etdiyini bildirib. Alim Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olması məqsədilə ölkə rəhbərliyi tərəfindən əhəmiyyətli işlərin görüldüyünü diqqətə çatdırıb. R.Əliquliyev süni intellektin geniş yayılmasının cəmiyyətdə köklü dəyişikliklərə səbəb olduğunu qeyd edərək, dünyanın aparıcı ölkələrində bu sahənin inkişafına xüsusi önəm verildiyini vurğulayıb.

Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri, Fransanın Fəxri Legion Ordeninin kavaleri Reyhan Hüseynova çıxış edərək İnformasiya Texnologiyaları İnstitutu ilə əlaqələrdən söz açıb. O, bu qurumun Futuroloqlar Cəmiyyətinə hər zaman elmi dəstək verdiyini diqqətə çatdırıb. Bildirib ki, artıq 13 ildir fəaliyyət göstərən cəmiyyətin yaradılmasında əsas məqsəd Azərbaycanda gələcək elmi istiqamətləri və müasir meyilləri müəyyən etmək, dünyada bu sahədə gedən proseslərə qoşulmaqdır.

R.Hüseynova cəmiyyətin bir çox layihələrə imza atdığını, futurologiya elminin problemlərinin müzakirəsi məqsədilə müxtəlif səpkili tədbirlər keçirdiyini deyib. Məruzəçi rəhbərlik etdiyi cəmiyyətin qlobal, uzunmüddətli strategiyaların erkən xəbərdarlıq və təhlili üçün gələcəyin tədqiqatları ilə məşğul olan beyin mərkəzi – “Millennium” layihəsinin Azərbaycan bölməsi kimi fəaliyyət göstərdiyini bildirib. O, professor C.Qlenin rəhbərlik etdiyi layihənin dünyanın 65 ölkəsində nümayəndəliyinin olduğunu qeyd edib.

Sonra Azərbaycan Futuroloqlar Cəmiyyətinin yüksək texnologiyalar və startaplar departamentinin əməkdaşı Kənan Həbibov virtual “Universe Sandbox” layihəsi ilə bağlı və həmin departamentin əməkdaşı Elman Əhmədbəyov “Dünya iqtisadiyyatının inkişafında süni intellektin rolu” mövzusunda məruzə ilə çıxış ediblər.

Daha sonra C.Qlen “İnformasiya cəmiyyəti və futurologiya. Gələcək futuroloqun gözü ilə” mövzusunda məruzəsini təqdim edib. Professor insan və texnologiyanın qarşılıqlı əlaqəsindən danışaraq texnologiyanın insan şüurunun, insan şüurunun isə texnologiyanın dəyişməsinə səbəb olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, texnologiyaların şüurlu şəkildə istifadə olunması insanların inkişafına gətirib çıxarır. Onun sözlərinə görə, bu qarşılıqlı təsir trendi, texnologiyanın insanlara və insanların texnologiyaya inteqrasiya olunması ilə bəşəriyyət şüurlu texnologiyalar erasına daxil olur. Bu, informasiya və yüksək texnologiyalar ilə fəaliyyət göstərən sivilizasiyaların iş prinsipidir və orqanik təbii vəhdət əmələ gətirir.

C.Qlen gələcəyə dair proqnozlar verərək yaxın gələcəkdə insanın sağlamlıq vəziyyətini ölçən sensorlu “ağıllı” geyimlərdən hərbi sahədə geniş istifadə ediləcəyini, bu geyimlərin daha sonralar sıravi vətəndaşlar üçün əlçatan olacağını söyləyib. Həmçinin süni intellekt sayəsində dünyada hər şeyin bir-biri ilə bağlı olacağını və insan şüurunun eyni anda bir neçə yerdə olmasının mümkünlüyünü qeyd edib. Bildirib ki, ABŞ, Çin, Yaponiya kimi inkişaf etmiş ölkələrdə insan beyninin fəaliyyətinin araşdırılması ilə məşğul olan “İnsan beyni” mərkəzləri mövcuddur. O, hazırda “IBM”, “Microsoft”, “Google”, “Facebook” kimi dünyanın aparıcı şirkətləri tərəfindən “Süni beyin” layihələrinin həyata keçirilməsi istiqamətində işlərin görüldüyünü qeyd edib.

C.Qlen rəhbərlik etdiyi “Millennium” layihəsi barədə məlumat verib. Qeyd edib ki, gələcəkdə işlənilməsi nəzərdə tutulan layihələrdən biri də dar çərçivəli süni intellektə keçid üçün dövlət səviyyəsində qaydaların işlənilməsi ilə bağlıdır. Professor bu layihənin Azərbaycanda reallaşdırılması üçün öncə ilkin tədqiqatların aparılmasına ehtiyac duyulduğunu deyib.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.