ELM VƏ TƏHSİL
Milli Azərbaycan Tarixi Muzeyi naxçıvanlı məktəblilərdə böyük maraq doğurub
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi çərçivəsində Naxçıvan Muxtar Respublikası məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət dörd qrup martın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olub.
AZƏRTAC xəbər verir ki, məktəblilər muzeydə Azərbaycan tarixini ən qədim dövrlərdən bu günə qədər əks etdirən eksponatlarla ətraflı tanış olublar. Şagirdlər Azərbaycan xalqının qədim keçmişini özündə əks etdirən eksponatların tarixi haqqında məlumat əldə ediblər. Neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə tanışlıq onlarda böyük maraq doğurub. Məşhur xeyriyyəçinin mülkündə yerləşən muzey binasının tarixi şagirdlərin xüsusi marağına səbəb olub.
Şagirdlər Milli Azərbaycan Tarixi Muzeyi ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.