MƏDƏNİYYƏT
Milli Kitabxana tərəfindən “Xocalı soyqırımı – 29” adlı metodik vəsait virtual rejimdə təqdim olunub
Bakı, 16 fevral, AZƏRTAC
Mədəniyyət Nazirliyinin karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Xocalı soyqırımı-29” adlı metodik vəsait hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsaitdə Xocalı soyqırımı ilə bağlı məlumat, faciənin 29-cu ildönümü ərəfəsində kitabxanalarda keçiriləcək kütləvi tədbirlər haqqında tövsiyələr verilib. Əlavələr bölməsində “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Xocalı soyqırımı haqqında dünya mətbuatında dərc olunmuş bir neçə məlumat öz əksini tapıb.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan Xocalı soyqırımından 29 il ötür. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.
Metodik vəsaitlə tanış olmaq istəyənlər http://anl.az/down/Xocali_29.pdf linkindən istifadə edə bilərlər.