MƏDƏNİYYƏT
Milli Kitabxanada “Fərman Salmanov – 90” adlı virtual sərgi açılıb
Bakı, 28 iyul, AZƏRTAC
Bu gün görkəmli neftçi, mühəndis-geoloq, “Şöhrət” ordenli, Rusiya Federasiyasının Əməkdar geoloqu Fərman Salmanovun anadan olmasının 90 illiyi tamam olur. Bütün həyatını neft və qaz yataqlarının işlənməsinə həsr edən Fərman Salmanovun adı dünya neft tarixinə Tümenin zəngin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi daxil olub. O, heç bir neft ehtiyatının olmadığı iddia edilən Qərbi Sibirdə 1961-ci ildə ilk neft yataqlarını üzə çıxarıb. Rəhbərliyi altında karbohidrogen ehtiyatları ilə zəngin yüzdən artıq irihəcmli yataq kəşf edilərək istismara verilib.
F.Salmanovun şəxsiyyətində tədqiqatçı-alim səriştəsi, peşəkar neftçi istedadı, dövlət və ictimai xadim təcrübəsi vəhdət təşkil edib. Tanınmış geoloq-alimin neft və qaz geologiyası sahəsində fundamental axtarışlarının nəticələri mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilib və ixtisaslı neftçi kadrların yetişdirilməsində mühüm rol oynayıb.
Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Fərman Salmanov - 90” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə görkəmli neftçi Fərman Salmanov haqqında rəsmi sənəd, fotolar, mükafatları, müəllifi olduğu kitablar, eləcə də haqqında yazılan kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ferman_Salmanov_90/index.htm linkindən istifadə edə bilərlər.