MƏDƏNİYYƏT
Milli Kitabxanada “Yurdumuza bahar gəlir” adlı virtual sərgi açılıb
Bakı, 18 mart, AZƏRTAC
Novruz bayramı xalqımızın əsrlər boyu qeyd etdiyi bir bayramdır. Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz yaxın şərqin qədim əkinçiliklə məşğul olan xalqlar arasında meydana gəldiyini söyləyirlər. Təbiətin, həyatın oyanması Novruzdan başlanır.
Novruz bayramı münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Yurdumuza bahar gəlir” adlı virtual sərgi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Novruz bayramı haqqında məlumatlar, fotolar, Novruz adət-ənənələri, çərşənbələr, Novruz deyimləri və s. haqqında kitab və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Azərbaycan xalqı yeni ilin, yeni günün – Novruzun gəlişini ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü çərşənbədə təbiət oyanır və bu, baharın gəlməsindən xəbər verir.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/novruz/index.htm linkindən istifadə edə bilərlər.