SİYASƏT
Milli Məclisdə Azərbaycan ilə Kanada arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərindən danışılıb
Bakı, 23may, AZƏRTAC
Mayın 23-də Milli Məclisin bir qrup deputatı Kanada parlamenti İcmalar Palatasının Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Kanada parlamenti İcmalar Palatasının Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Lourensin başçılıq etdiyi nümayəndə heyətini salamlayan Milli Məclisin Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tural Gəncəliyev ölkələrimiz arasındakı əlaqələrdən danışıb.
T.Gəncəliyev ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Milli Məclisin deputatları Nigar Arpadarai və Sevil Mikayılova ölkələrimiz arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində parlamentlərarası münasibətlərin rolundan söz açıb, parlamentlərdə dostluq qruplarının qarşılıqlı fəaliyyətinin bu istiqamətdə verə biləcəyi töhfələrdən bəhs ediblər.
Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Lourens ölkəmizə səfərin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını bildirib. O, qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb, ikitərəfli münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikirlərini söyləyib.
Kanada parlamenti İcmalar Palatasının üzvləri Ceymi Şmale və Erik Melilo Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən söz açıb, regional proseslərdən və həyata keçirilən layihələrdən bəhs ediblər.
Kanadadakı Azərbaycan diasporunun üzvü Anar Cahangirli bu ölkədəki Azərbaycan icmasının fəaliyyəti, icma üzvlərinin Azərbaycan mədəniyyətinin və dilinin təbliği istiqamətində apardıqları işlər barədə məlumat verib.
Fikir mübadiləsi şəraitində keçən görüşdə Milli Məclisin deputatları qonaqlara Azərbaycanın Vətən müharibəsində Qələbəsi, regionda yaranan yeni reallıqlar barədə məlumat veriblər, erməni əsilli vətəndaşların Azərbaycan cəmiyyətinə inteqrasiyasından bəhs ediblər. Bildirilib ki, Azərbaycan regionda davamlı sülhün və inkişafın bərqərar olması üçün əməli addımlar atır, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası istiqamətində irimiqyaslı layihələr həyata keçirir.