SİYASƏT
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Əli Hüseynli gündəliyə "Yol hərəkəti haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin daxil olduğunu deyib. Bildirib ki, qanuna bir sıra redaktə xarakterli dəyişikliklər, həmçinin sənədin 66-cı maddəsinə “5.53 nişanı svetoforla nizamlanan yolayrıcında daimi sağa dönməyə icazə vermək məqsədilə tətbiq olunur” məzmunlu yeddinci hissə əlavə olunur.
İclasda iştirak edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayev deyib ki, Bakı şəhərində 74 yol torlama nişanı çəkilib. O, həmçinin diqqətə çatdırıb ki, yaxın zamanlarda Bakıya 300 yeni böyük avtobus gətiriləcək. Bu, yol infrastrukturunun genişləndirilməsinə yönəlib.
Qeyd olunub ki, ölkəmizdə parklanma ilə bağlı tədbirlər həyata keçirilir. BNA, həmçinin ödənişsiz parkinqlərin qurulması istiqamətində çalışır.
Komitə üzvləri Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Çingiz Qənizadə, Elşən Musayev, Sabir Hacıyev və Tahir Kərimli qanun layihəsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.