İQTİSADİYYAT
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə gündəlik barədə məlumat verib.
Əvvəlcə “Lombardlar haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Qeyd olunub ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında Prezident İlham Əliyev tərəfindən təqdim olunub.
Qanun layihəsi barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquq departamentinin rəisi Əfqan Baxışov məlumat verib. Bildirib ki, 6 fəsil və 32 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 15-ci və 27-ci bəndlərinə uyğun olaraq hazırlanıb. Sənəd lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarət ilə bağlı münasibətləri tənzimləyir.
Komitə üzvləri Vahid Əhmədov, Əli Məsimli, Rüfət Quliyev, Tahir Mirkişili, İlham Əliyev, Şəmsəddin Hacıyev, Aydın Hüseynov qanun layihəsi barədə fikirlərini, rəy və təkliflərini bildiriblər.
Sonra “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, dəyişikliklər nəticəsində BOKT-lərdəki inzibatçıların daha ixtisaslı kadrlarla əvəz olunması, zərurət yarandığı təqdirdə nəzarət orqanının çevik və effektiv təsir imkanlarından istifadə edilməsi, sistemin sağlamlaşdırılması, tələblərə cavab verməyən BOKT-lərin kənarlaşdırılması, istehlakçıların hüquqlarının qorunması və digər sahələrdə inkişaf üçün hüquqi əsas formalaşacaq.
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, həmin məcəllənin 164-cü maddəsi kənd təsərrüfatı sahəsində bir sıra malların, məhsulların ƏDV-dən azad olunmasını nəzərdə tutur. Eləcə də məcəllənin 164.1.34-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ƏDV-dən azad edilib.
Qanun layihəsinə əsasən ƏDV-dən azadolma qeyd olunan qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ilə yanaşı onların istehsalına da tətbiq ediləcək. Eyni zamanda, təsdiq edilmiş siyahı üzrə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı və satışı da ƏDV-nin tətbiqindən azad ediləcək. Qanun layihəsi ölkədə suvarma təyinatlı kənd təsərrüfatı texnikasının, avadanlıqların və onların ehtiyat hissələrinin istehsalının stimullaşdırılmasına, kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri ilə təminatının yaxşılaşdırılmasına və mövcud texnikaların saz vəziyyətdə saxlanmasına, kənd təsərrüfatı texnikasının və onların ehtiyat hissələrinin qiymətlərinin optimallaşdırılmasına, son nəticədə aqrar sektorun dəstəklənməsinə xidmət edəcək.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.