SİYASƏT
Milli Məclisin deputatı: ATƏT regionunda qərəzli və selektiv yanaşmaların qarşısı alınmalıdır
Tbilisi, 4 iyul, AZƏRTAC
İyulun 4-də ATƏT PA-nın 25-ci illik sessiyasının son plenar iclası keçirilib.
İclasda Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev çıxış edib. O bildirib ki, pan-Avropa təhlükəsizlik sistemi özünün çətin vaxtlarını yaşayır. Bəzən əvvəlcədən görünməyən çətinliklər və problemlər regionu təhdid edir və müəyyən dərəcədə ATƏT-in fəaliyyəti dövründə, bir neçə onilliklər ərzində əldə olunan uğurları zərbə altına qoyur. Parlament Assambleyası dövlətlər arasında inam və etibarın artırılması, ümumi maraqlar naminə əməkdaşlığın inkişaf etdirilməsi üçün olduqca önəmli bir platformadır.
Milli Məclisin deputatı qeyd edib ki, belə həlledici bir zamanda yeni siyasətə, dəyişikliklərə və yanaşmalara ehtiyac var. Bu mənada, ATƏT PA-ın effektivliyinin artırılması üçün cəhdlər edilməlidir. Kollektiv maraqlar və hədəflər təşkilatda dərinləşməkdə olan çoxsaylı problemlərlə ayaqlaşmaqla bu prosesə bələdçilik etməlidir. Bu mübarizədə Parlament Assambleyası regionumuzu təhdid edən terrorizm, transmilli cinayətkarlıq, uzun sürən münaqişələr, miqrasiya, qaçqın və məcburi köçkün, insan alveri, ekoloji tənəzzül və yoxsulluq kimi problemlərin həllində daha çox iştirakçı rolu oynamalıdır. Biz zamanında reaksiya verməli və təşkilatımızın istifadəsində olan bütün mümkün imkanlardan istifadə etməliyik.
Azərbaycan parlament nümayəndə heyətinin üzvü ATƏT PA-nın fəaliyyətinin təkmilləşməsi və problemlərin həlli üçün təkliflər irəli sürüb. O bildirib ki, yuxarıda sadalanan problemlər və prioritetlərə bağlı parlamentlərarası dialoq inkişaf etdirilməli, bütün iştirakçı dövlətlərə təsir edən hazırkı problemlərin effektiv idarə olunmasına istiqamətlənən Helsinki Prinsiplərinə hörmət üzərində qurulmuş iştirakçı dövlətlər arasında inan və güvən möhkəmləndirilməlidir. Bundan başqa, qərəzli və selektiv yanaşmaların, coğrafi üstünlüklərin və ayrı-seçkiliyin qarşısı alınmalı, ATƏT-in icra strukturları və institutları arasında koordinasiyanın, əməkdaşlığın səmərəliliyi artırılmalıdır. “İnanıram ki, bu istiqamətlərdə atılan konkret addımlar regionda təhlükəsizliyin və stabilliyin əldə olunmasına töhfə verəcək”, - deyə A.Quliyev vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi