CƏMİYYƏT
Milli Məclisin komitə iclasında “Dərman vasitələri haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirə edilib VİDEO
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, gündəlikdə iki məsələnin olduğunu deyən komitə sədri Əhliman Əmiraslanov “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna edilən dəyişikliyin redaktə xarakterli olduğunu bildirib. Qeyd edib ki, bu Qanun “Məktəbəqədər təhsil haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.
İkinci məsələnin vacibliyini önə çəkən səhiyyə komitəsinin sədri vurğulayıb ki, təbabətdə dərman təhlükəsizliyi prioritet istiqamətdir. Əhalinin yüksək keyfiyyətli dərmanlarla təchiz olunması dövlətimizin diqqət mərkəzindədir. Bu baxımdan son illərdə apteklərdəki qiymətlər optimallaşdırılıb, dərmanların keyfiyyətinin yoxlandığı laboratoriyanın maddi-texniki bazası yenilənib və keyfiyyətə nəzarət artırılıb, ölkəyə saxta dərman vasitələri gətirib satdıranların cinayətkar əməlləri aşkara çıxarılıb.
Əhliman Əmiraslanov bildirib ki, neqativ halların qarşısını almaq, əhalinin dərman təchizatını günün tələbləri səviyyəsində qurmaq üçün “Dərman vasitələri haqqında” Qanunun təkmilləşməsinə ehtiyac var. Bu məqsədlə səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin rəhbərliyi ilə işçi qrupu yaradıldı. Səhiyyə, Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, “Avromed” şirkətinin nümayəndələri də həmin işçi qrupa cəlb olundu.
İclasda işçi qrupun hazırladığı “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” məsələni təqdim edən Musa Quliyev bildirib ki, qüvvədə olan “Dərman vasitələri haqqında” Qanuna 2006-2017-ci illər ərzində 14 dəfə günün tələblərindən irəli gələn dəyişikliklər edilib. Hazırda müzakirəyə çıxarılan layihə 15-cidir. Cəmi 19 maddədən ibarət olan Qanunun 10 maddəsinə 30 dəyişiklik və əlavə nəzərdə tutulub.
Musa Quliyev həmin dəyişiklikləri ətraflı şərh etdikdən sonra komitədə fikir mübadiləsi aparılıb. Deputatlar Qənirə Paşayeva, Rafiq Məmmədhəsənov, Sədaqət Vəliyeva, Kamaləddin Qafarov, Məlahət İbrahimqızı yeni layihənin mütərəqqiliyini qeyd ediblər. İnam ifadə olundu ki, “Dərman vasitələri haqqında” Qanunda aparılan dəyişikliklər bu sahədə ciddi dönüş yaradacaq, saxta dərman vasitələrinin bazara çıxarılmasının qarşısını alacaq. Çıxışlarda bir sıra təkliflər də səslənib.
Müzakirədə iştirak edən işçi qrupun üzvlərindən Səhiyyə Nazirliyinin nümayəndələri Elxan Əzizov, Murad Süleymanov, Pərviz Əzizbəyov qanun layihəsi üzərində intensiv iş aparıldığını, praktikada rast gəlinən halların qanunla tənzimlənməsinin vacibliyini qeyd ediblər.
Yekunda komitə sədri Əhliman Əmiraslanov qanun layihəsini hazırlayan işçi qrupa təşəkkürünü bildirib. İclasda baxılan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.