SİYASƏT
Milli Məclisin nümayəndə heyəti ATƏT Parlament Assambleyasının illik sessiyasının işində iştirak edir VİDEO
Lüksemburq, 4 iyul, AZƏRTAC
Lüksemburqda Avropa Yığıncaqlar Mərkəzinin (European Convention Center) binasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası işə başlayır. Sessiyada Şimali Amerika, Avropa və Asiya ölkələrinin 300-ə yaxın parlamentarisi iştirak edir.
AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycan Respublikasını Milli Məclisin sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə ölkəmizin qanunverici orqanının nümayəndə heyəti təmsil edir. Budəfəki illik sessiya “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusuna həsr edilib.
İllik sessiya ATƏT Parlament Assambleyasının ən böyük tədbiridir. Gözlənildiyinə görə, builki sessiya Lüksemburq Bəyannaməsinin qəbul edilməsi ilə başa çatacaq. Bu siyasi sənəddə milli hökumətlərə, parlamentlərə və beynəlxalq birliyə siyasət, təhlükəsizlik, iqtisadiyyat, ətraf mühit və insan haqları sahəsində tövsiyələr əks olunacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq