SİYASƏT
Milli Məclisin sədri “Böyük İyirmilik” ölkələrinin parlament sədrlərinin 8-ci Sammitində iştirak edəcək
Bakı, 3 oktyabr, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova “Böyük İyirmilik” ölkələrinin parlament sədrlərinin 8-ci Sammitində iştirak etmək üçün oktyabrın 4-də İndoneziya Respublikasının paytaxtı Cakarta şəhərinə səfər edəcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Məclisin sədrinin müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcəyi gözlənilir.
Səfər çərçivəsində Sahibə Qafarovanın sammitdə iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.